“Biznesin planlaşdırılması” kitabı artıq portalımızda!

“Strategiya” və “Marketinq” kitablarının müəllifi Nil Rassel-Consdan daha bir vəsait oxuculara təqdim edildi. Müəllifin sadə və oxunaqlı şəkildə yazdığı “Biznesin planlaşdırılması”  kitabı bu mövzu ilə bağlı çətinlik çəkən hər kəsin köməyinə çatacaq.

 

Kitabda biznesin düzgün planlaşdırılması ilə bağlı məsələləri həll etməyin yolları, o cümlədən biznes-planı necə yazmaq, hansı sualları cavablandırmaq, nə dərəcədə təfərrüatlara varmaq və nə qədər vaxt ayırmaq lazım olduğu izah edilir. Kitabın “Planlaşdırma nəzəriyyəsi” fəslində  müəllif planlaşdırmanın 8 fərqli üsulunu müəyyənləşdirir, ardınca gələn “Planlaşdırma prosesi” fəslində isə bu prosesin 7 mərhələdən ibarət olduğunu təsvir edir. Xülasə isə kitabı belə bir cümlə ilə yekunlaşdırır: “Plan – nəyə necə, nə vaxt və hansı resurslarla nail olmaq istədiyinizi ifadə edən bir hesabatdır”. Nil Rassel-Cons bu kitabında mürəkkəb bir mövzunu sadə və aydın şəkildə izah edir. 

 

Gəncləri biznesə həvəsləndirən "Prince’s Youth Business Trust" xeyriyyə təşkilatında strategiya və marketinq üzrə xüsusi məsləhətçi olaraq çalışan, beynəlxalq spikerlik etməklə yanaşı, radio və televiziya proqramlarında tez-tez çıxışlar edən Nil Rassel-Cons “İdarəetmə kitabları” seriyasından həm də “Qərarların qəbul edilməsi”, “Strategiya”, “Dəyişikliyin idarə edilməsi” və “Marketinq” kitablarının müəllifidir. 

19.05.22 944
close

Son yeniliklər

Site by One Studio