“İdarəetmə kitabları” seriyasından daha bir vəsait, Siyasi Zəka Akademiyasının idarəedici direktoru Deyvid Benkroft-Törnerin “İş yerində siyasət” kitabı oxuculara təqdim edildi.
İş yerində siyasət məsələsi gərginliyə səbəb olan amillərdən biridir və onun mənfi təsirləri iqtisadiyyata külli miqdarda zərər vurur. İş yerində siyasətlə bağlı, adətən, neqativ fikirlər eşidirik və insanların böyük əksəriyyəti bu amili vicdansız davranışla əlaqələndirirlər. Lakin Birləşmiş Krallığın təşkilati siyasət üzrə aparıcı qurumlarından olan Siyasi Zəka Akademiyasının idarəedici direktoru Deyvid Benkroft-Törnerin fikrincə, insanlar iş yeri siyasətinin mənfi təsirlərinə müqavimət göstərəcək və bütün maraqlı tərəflərin xeyrinə pozitiv iş mühiti yarada biləcək bir sıra bacarıq və davranışlar formalaşdıra və tətbiq edə bilərlər. Müəllif “İş yerində siyasət” kitabında bunun yollarını izah edir. O, “siyasi heyvan”ların dörd əsas növünü: hiyləgər tülkü, müdrik bayquş, sadəlövh qoyun və qətiyyətli qatırı müəyyənləşdirir, onların davranış nümunələrini təsvir edir və əsas siyasi zəka bacarıqlarını necə inkişaf etdirəcəyini açıqlayır. Kitab insanlar və işlədiyimiz müəssisələr haqqında inanclarımızın siyasi ab-havaya necə təsir etdiyini başa düşməyin vacibliyini vurğulayır. Oxucular üçün hazırlanmış anket bu məsələni daha geniş kontekstdə anlamağa imkan verir. Sonda isə Benkroft-Törner siyasi zəka üzrə baş planın hazırlanması zamanı ortaya çıxan vacib suallara aydınlıq gətirir.