Portalımıza xoş gəlmisiniz! Birləşmiş Krallığın “İdarəetmə kitabları” (“Management Pocketbooks”) seriyasından artıq hər bir azərbaycanlı faydalana biləcək. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə həyata keçirilən bu layihənin məqsədi müasir iş dünyasında lazımi bilik və bacarıqların təkmilləşdirilməsi üzrə kitabları Azərbaycan dilinə tərcümə etmək və bütün vətəndaşlara pulsuz təqdim etməkdir. Daha konkret desək, “İdarəetmə kitabları”ndan hər bir vətəndaşın elektron formatda faydalanmasına imkan yaratmaqdır. Kitablar həm texniki (layihələrin idarə edilməsi, marketinq və bazar araşdırması, büdcənin tərtib edilməsi, maliyyə və s.), həm də qeyri-texniki (müştəri xidmətləri, komandanın qurulması və komanda fəaliyyəti, qərarların qəbul edilməsi, yazılı və şifahi ünsiyyət, təqdimatların təşkili və aparılması və s.) bilik və bacarıqları əhatə edir.
“İdarəetmə kitabları” bir qeyri-kommersiya layihəsi olub əsas hədəfi sosial fayda, ictimaiyyətə dəstək və korporativ maariflənməni təmin etməkdən ibarətdir.
“İdarəetmə kitabları” seriyası yalnız konkret ixtisas sahibləri və müvafiq sahə üzrə çalışanlar üçün nəzərdə tutulmayıb. İş dünyasına maraq göstərən, yeni başlayan və ya hər hansı sahədə özünü sınamaq istəyən hər kəs, hətta tələbələr və ali təhsili olmayanlar da bu kitablardan yararlana bilərlər. Sadə, qeyri-rəsmi, səlis və anlaşıqlı mətnlər, həmçinin yumoristik illüstrasiyalar “İdarəetmə kitabları”nı digər vəsaitlərdən fərqləndirir. Özünütəlim xarakteri daşıyan bu kitabları hər kəs rahatlıqla oxuyacaq və başa düşəcək. Üstəlik, müəyyən sahələr üzrə ehtiyac duyulan məsləhət və ya təlim xidməti üçün əlavə vəsait xərcləməyə, məkan dəyişməyə və bunun üçün vaxt sərf etməyə lüzum qalmayacaq. Peşəkar müəlliflərin peşəkar tərçüməçilər tərəfindən dilimizə tərcümə edilən bu kitablarını hər bir oxucu istər evdə, istər iş yerində, istərsə də ictimai nəqliyyatda portativ elektron cihaz vasitəsilə oxuya biləcək.
Arzu və məqsədlərinizə, öyrənmək və inkişaf etmək istəyinizə heç nə əngəl olmasın!