“Vaxtın idarə edilməsi” kitabı artıq portalımızda!

Ünsiyyət, liderlik və idarəetmə bacarıqları üzrə məsləhət və təlim xidmətləri göstərən peşəkar mütəxəssis dr. Mayk Kleytonun “Vaxtın idarə edilməsi” kitabı artıq oxucuların ixtiyarına verildi. Həm şəxsi həyatında, həm də iş dünyasında vaxt azlığından şikayət edənlər və ya vaxtdan daha da səmərəli istifadə etmək istəyən oxucular üçün əvəzedilməz bir vəsaitdir. 

 

“Biz vaxtı idarə edə bilmərik. Əlimizdən yalnız o gələr ki, malik olduğumuz vaxtdan mümkün qədər səmərəli istifadə etməyi öyrənək”. Bu sözlər “Vaxtın idarə edilməsi” kitabının müəllifi dr. Mayk Kleytona aiddir. 

 

Mövzuya uyğun illüstrasiyalarla zəngin olan kitab vaxtı düzgün planlaşdırmaq, dəyişikliklərə uyğunlaşmaqla yanaşı, bu zaman vaxta nəzarəti də əldən buraxmamağın və hər iki üstünlüyü tarazlaşdırmağın yollarını izah etməklə başlayır. 

 

Növbəti fəsillərdə daha məhsuldar işləməyin yolları araşdırılır və üzləşdiyiniz ən böyük problemlərdən birinin: “hədsiz iş çoxluğu”nun öhdəsindən gəlmək üçün bir neçə strategiya təqdim edilir. Vaxtın idarə edilməsi üzrə 8 ən geniş yayılmış sistemin icmalı ilə tanış olaraq isə özünüzə uyğun olan birini seçə və tətbiq edə bilərsiniz. Hərçənd müəllif etiraf edir ki: 

 

“Mən heç bir sistemin tərəfdarı deyiləm. Əvəzində, ümumi prinsipləri, müxtəlif vəziyyətlərdə tətbiq edilə bilən və düzgün təchiz edilmiş alətlər dəstini üstün tuturam. Mənə görə, sistem güzəştsiz tətbiq edilən prinsipdir və hansısa məqamda işə yaramayacaq. Ona görə də bu kitabda yalnız bir sistemdən bəhs etməklə kifayətlənməmiş, sınaya biləcəyiniz çoxlu ideyalar irəli sürmüşəm”.

 

Kitabın sonunda müəllif bildirir ki, hər bir müəssisə vaxtı strateji vəsait olaraq qəbul etməlidir: vaxtı hədər etməmək və mümkün olan ən yaxşı nəticəni əldə edə bilmək üçün vaxtdan getdikcə daha səmərəli istifadə yollarını axtarıb tapmaq lazımdır. 

07.06.21 675
close

Son yeniliklər

Site by One Studio