Şon Makmanus və Toni Nyubinin “Müştəri xidməti” kitabı oxuculara təqdim edildi. Müştərilərə istər birbaşa, istərsə də dolayı yolla düzgün və effektiv xidmət göstərməyə çalışan, yaxud göstərdiyi xidməti daha da təkmilləşdirmək və bunun yollarını öyrənmək istəyən hər kəs üçün əvəzedilməz bir vəsaitdir. Kitabın bu nəşrində müştəri xidməti sahəsində baş verən son dəyişikliklər, yəni sosial media da daxil olmaqla, bir sıra fərqli kanallardan istifadə yolları da öz əksini tapmışdır.
Müştəri xidməti nə üçün əhəmiyyət daşıyır, müştəriyə xidmət göstərərkən dinləmə bacarıqları nə dərəcədə vacibdir, şikayətləri fürsətlərə necə çevirmək olar, effektiv ünsiyyət metodları hansılardır və s. bu kimi bir çox suallara kitabda ətraflı cavab tapa, o cümlədən standartların müəyyən edilməsi, müştəri xidmətinin ölçülməsi və “gizli müştəri” proqramlarının əhəmiyyəti barədə dolğun məlumat əldə edə biləcəksiniz. Daxili müştərilərə diqqət və hörmətlə yanaşmağın vacibliyi, həmçinin praktiki nümunələr, yoxlama siyahıları və tədbirlərin planlaşdırılması kimi mühüm mövzulara da kitabda geniş yer verilmişdir.