“Mediasiya” kitabı artıq portalımızda!

İnsan resursları, onların idarə edilməsi, iş yerində yaranan münaqişələrin həlli üzrə beynəlxalq səviyyəli təlimçilər Riçard Bordmen və Odri Maknoutonun “Mediasiya” kitabı mövzu ilə bağlı sizi maraqlandıran bütün suallara aydınlıq gətirəcək.

 

Mübahisəyə erkən mərhələdə, yəni fikir ayrılıqları artmamışdan və münasibətlər tamamilə gərginləşməmişdən əvvəl müdaxilə etmək vasitəçiliyin ən effektiv formasıdır. Müdaxilə edəcək ən uyğun şəxs isə münaqişədə olan tərəflərin xətti (birbaşa) rəhbəridir: o, getdikcə böyüyən problemi aşkar etməli və mübahisəni həll etməyin ən optimal yolunu tapmalıdır. “Mediasiya” kitabı belə rəhbərlərə münaqişəni yaradan və onu uzadan səbəbləri anlamağa kömək edir, həmçinin problemin həllinə addım-addım yanaşmanın yollarını açıqlayır. Kitabda vasitəçilik üçün tələb olunan bacarıqlar, eləcə də mövcud alət və üsullar, eyni zamanda onlardan müsbət nəticələr əldə edə biləcək şəkildə istifadə qaydaları izah olunur. Təqdim olunan ideya və metodlar rəsmi vasitəçilik prosedurları tələb edildiyi hallarda İR mütəxəssisləri və müvafiq təlim keçmiş şəxslər üçün də faydalı olacaq. 

 

Münaqişə ilə üzləşən və qarşı tərəfi öz nöqteyi-nəzərinə inandırmağa çalışanlar kitabda verilən praktik məsləhətlərdən yararlanacaqlar. İş yerində baş verən münaqişələr narazılığa və ruh düşkünlüyünə səbəb olur ki, bu da öz növbəsində, absenteizmə və məhsuldarlığa zərər vurur. Odur ki, tərəfləri, sadəcə olaraq, “razılaşmamağa” yola gətirmək əvəzinə, onların arasındakı mübahisələri konstruktiv şəkildə həll etmək bütün kollektivə və müəssisənin fəaliyyətinə müsbət təsir göstərəcək.

14.09.23 807
close

Son yeniliklər

Site by One Studio