Diqqətli bir dinləyici, fəal həmsöhbət olmaq, qarşı tərəfin çatdırmaq istədiyi bütün fikirləri başa düşmək istəyənlər təcrübəli mediator və kouç Mayk Pezetin “Dinləmə bacarıqları” kitabından faydalana bilərlər.
Qarşı tərəfin yaxşı və ya zəif dinləyici olduğunu hər kəs müəyyən edə bilir, lakin biz öz bacarıqlarımızı qiymətləndirərkən o qədər də həssas və diqqətli ola bilmirik. Həm iş həyatında, həm də şəxsi həyatımızda sağlam və effektiv münasibətlər qurmaq istəyiriksə, yüksək səviyyəli dinləmə qabiliyyətinə malik olmalıyıq. Getdikcə mürəkkəbləşən və tələblərin sürətlə artdığı bir dünyada diqqətlə dinləyə bilmək üçün psixoloji cəhətdən hazır olmalı, zehnimizdə dinləməyə yer açmalı və bunun üçün əlavə səy göstərməliyik.
“Dinləmə bacarıqları” kitabı dinləmə ilə bağlı öz pis vərdişlərinizi müəyyən etməyə kömək edəcək. Kitabın əvvəlində iş yerində effektiv dinləmənin faydaları təsvir edilir, daha sonra isə effektiv dinləməyə nələrin əngəl ola biləcəyindən söz açılır. Bu əngəllərin növləri, meydana çıxma səbəbləri və onların ən effektiv şəkildə qarşısının alınması üsullarına da xüsusi diqqət ayrılıb. Yəqin ki, artıq bu əngəllərdən birini – özümüz də daxil olmaqla, hər kəsdə hiss etdiyimiz “məsləhət vermək istəyi”ni müəyyən edə bildiniz: qarşı tərəfə kömək etmək məqsədilə səbirsizlik göstərərək məsləhətlər verəndə biz dinləməyə mane olur və həmsöhbətimizin çatdırmaq istədiklərini eşidə bilmirik.
“İdarəetmə kitabları” seriyasından “Əks-əlaqə: rəy, fikir və münasibətlər” kitabının da müəllifi olan Mayk Pezet eyni zamanda təcrübəli mediator və kouçdur. Bu sahələr üzrə xidmət göstərərkən o, mütəmadi olaraq öz dinləmə bacarıqlarını işə salır.