Kouçinq, komanda inkişafı, təlimçilərin təlimi üzrə beynəlxalq səviyyəli mütəxəssislər Pol Tizzard və Alan İvansın həmmüəllifliyi ilə “Buzqırma çalışmaları” kitabından artıq hər kəs faydalana biləcək.
“Buzqırma çalışmaları” kitabı təlimçilərə seminar və kursların effektivliyini artırmağa imkan verəcək təxminən 40 orijinal çalışma təqdim edir.
Çalışmalar müəyyən kateqoriyalar üzrə qruplaşdırılır, məsələn: özünəinam, ünsiyyət, kouçinq və mentorluq, insanların idarə edilməsi, təlimçilərin və komandaların təlimi və s.
Müəlliflər hər bir çalışma üzrə təlimin məqsədlərini, nəticələrini və aktuallığını izah etməklə yanaşı, tələb olunan müddət, iştirakçı sayı, zəruri materiallar, təlimçidən tələb olunan biliklər və mövcud alternativlər haqqında məlumat verir. Əksər çalışmaları yerinə yetirmək üçün 10–30 dəqiqə vaxt kifayət edir. Kiçik qruplar və ya istənilən sayda iştirakçı üçün uyğun olan “buzqırma çalışmaları” mövcuddur.