Münaqişələrin həlli, şikayətlərin idarə edilməsi, müştəri xidməti və şəxslərarası ünsiyyət bacarıqları üzrə ixtisaslaşmış psixoloq Ancelena Bodenin “Problemli davranış” kitabı oxuculara təqdim edildi.
Bəyənsəniz də, bəyənməsəniz də, “Problemli davranış” kitabını oxuyacaqsınız! Çünki kitab dövrümüzün iş dünyasında tez-tez rastlaşdığımız “fərqli şəxsiyyət tipləri ilə ünsiyyət” problemlərini əhatə edir. İş yerlərində qarşılaşdığımız müxtəlif pis davranış formalarından biri bullinqdir.
Bullinq tətbiq edənlərlə bullinqə məruz qalanlar arasında gizli bir çəkişmə gedir. Bundan əlavə, cəfakeş rolunu oynayanlar (“Görünür, bu işi mən görməli olacağam”), hər şeyə yalnız öz mövqeyindən yanaşanlar və eqosentrik davranış nümayiş etdirənlər (müəllif kitabda onları “narsistlər” adlandırır), heç bir iş görmək istəməyən sabotajçılar (belələrini passiv-aqressiv şəxsiyyət tipinə aid edirlər), usanmadan hər şeydə nöqsan axtaranlar, susqunlar, deyingənlər, boşboğazlar, ah-vayçılar, şikayətçilər və bir çox başqaları da var.
Müəllif onların hamısını sıralayır, mümkün ola bilən səbəb və nəticələri müəyyən edir, bu davranışların yaratdığı problemləri üzə çıxarmağın və həll etməyin yollarını izah edir. Rəyçilərdən biri kitab haqqında belə yazmışdı: “20 dəqiqəyə insanın gözlərini açır”.