“Pocketbook” layihəsi beynəlxalq mükafata layiq görüldü!

Korporativ Sosial Məsuliyyət çərçivəsində həyata keçirilən “Pocketbook” layihəsinə 2020-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə start verilib. İctimaiyyətə dəstək və korporativ maariflənməni rəhbər tutan layihə azərbaycandilli oxuculara idarəetmə üzrə bilik və bacarıqları təkmilləşdirmək imkanı yaradır. 

 

Birləşmiş Krallığın “Management Pocketbooks” (“İdarəetmə kitabları”) seriyasına daxil olan kitablar həm texniki (layihələrin idarə edilməsi, marketinq, maliyyə və s.), həm də qeyri-texniki (komandanın qurulması, qərarların qəbul edilməsi, yazılı və şifahi ünsiyyət, təqdimatların təşkili və s.) bilik və bacarıqları əhatə edir. Kitablar 2024-cü ilin sonuna qədər peşəkar tərcüməçilər tərəfindən Azərbaycan dilinə tərcümə edilərək www.pocketbook.az saytında oxucuların ixtiyarına veriləcək. İstifadəçilər kitabları onlayn oxuya və PDF formatında cihazlarına endirə bilərlər. Bu günə qədər 91 kitab tərcümə edilib və onlardan 70-nin redaktə və dizayn işləri tamamlanaraq sayta yerləşdirilib. 

 

“Pocketbook” layihəsi biznes sahəsində aparıcı mövqeyə və beynəlxalq nüfuza malik “Stevie Awards” mükafatına layiq görülüb. Bu müsabiqə mütəxəssislərin, müəssisə və təşkilatların dəyərli töhfə və nailiyyətlərini təqdir etmək, onları ictimaiyyətə tanıtmaq məqsədi daşıyır. Bir sıra fərqli kateqoriyalar üzrə mükafatlandırma həyata keçirən “Stevie Awards” münsiflər heyətinə dünyanın ən tanınmış idarəçi, sahibkar və novatorları daxildir. Layihə müsabiqənin “Korporativ Sosial Məsuliyyət sahəsində Nailiyyət” kateqoriyası üzrə bürünc mükafatını əldə edib. 

02.10.23 738
close

Son yeniliklər

Site by One Studio