Mayk Pezetin praktiki məsləhətlərlə zəngin “Əks-əlaqə” kitabı oxucuların ixtiyarına verildi. Rəy bildirmək və ya rəy almaq bacarığınızı formalaşdırmağı, yaxud daha da təkmilləşdirməyi bu kitabdan öyrənə biləcəksiniz.
Təkmilləşməyə kömək məqsədilə kouçinq və əks-əlaqə əskikliyi ən çox irəli sürülən işdənçıxma səbəbləri arasında üçüncü yeri tutur. Müasir dövrdə sosial şəbəkələşmə və ani mesajlaşmanın getdikcə daha da populyarlaşması, sosial ünsiyyətin əhəmiyyətinin artması performans üzrə əks-əlaqəyə olan ehtiyacı daha da artırır. Əks-əlaqə peşəkar inkişaf və təkmilləşmənin ayrılmaz hissəsini təşkil edir: bacarıqların inkişaf etdirilməsi, bilik və özünəinamın artırılması və arzuolunan davranışların gücləndirilməsinə kömək edir. Əks-əlaqə “sual işarələri”ni aradan qaldırır və beləcə, narahatlığa son qoyur; insanlara daha “böyük mənzərə”ni görməyə imkan verir; müəssisənin məqsədlərinə və ehtiyaclarına uyğun şəkildə performansa yol açır.
Mayk Pezetin “Əks-əlaqə” kitabı rəhbərləri (və təlimçiləri) işçi heyətini idarə etmək, inkişaf etdirmək və onların motivasiyasını yüsəltmək üçün qeyri-rəsmi, rəsmi və məhsuldar rəylərdən istifadə etməyə həvəsləndirir. Həmçinin rəyləri formalaşdırmağın və çatdırmağın, o cümlədən bu rəyləri qarşı tərəfin qəbul etməsi üçün mövcud situasiyanın (istər aşkar, istərsə də gizli) dinamikasına uyğunlaşmağın yollarını izah edir.