İnteraktiv təlim, kouçinq və effektiv qrup müzakirələrinin təşkili üzrə mütəxəssis kimi tanınmış Pol Tizzardın “Komandaqurma çalışmaları” kitabından artıq siz də faydalana bilərsiniz.
Kitabda təqdim edilmiş praktiki və asanlıqla tətbiq olunan komandaqurma çalışmalarının məqsədi vahid, yüksək motivasiyalı və məhsuldar komandaların yaradılmasından ibarətdir. Bu çalışmalar rəhbərlərin komanda toplantıları və təlimatlandırma yığıncaqlarında, o cümlədən təlimçilərin komandaqurma seminarlarında istifadəsi üçün nəzərdə tutulmuşdur. Bu interaktiv və effektiv nəticə verən çalışmalar “İdarəetmə kitabları” seriyasından bir sıra başqa vəsaitlərin, həmçinin yaradıcı təlim materiallarının müəllifi olan Pol Tizzard tərəfindən şəxsən işlənib hazırlanmışdır. “Komandaqurma çalışmaları” kitabında təqdim edilmiş çalışma və məşğələlər komandanın formalaşma mərhələlərinə uyğunluq nöqteyi-nəzərindən qruplaşdırılmışdır.
Onların arasından yenicə yaranmış komandalardan başlamış artıq tam şəkildə formalaşmış komandalara qədər istənilən növ komanda üçün tətbiq edə biləcəyiniz bir sıra çalışmalar seçə bilərsiniz. Kitabda həmçinin xüsusi komanda problemlərinin həllinə yönəlmiş çalışmalara da yer verilmiş, o cümlədən oxucunun hansı çalışmalara ehtiyac duyduğunu müəyyənləşdirməsinə kömək məqsədilə onun komandasının hansı mərhələdə olduğunu təyin edən anket də təqdim edilmişdir. Kitabın sonunda fasilitasiya, təqdimat və kouçinq bacarıqları ilə bağlı mövzular da işıqlandırılmışdır. Mett Somers “Training Journal”da (təlim haqqında jurnal) “Komandaqurma çalışmaları” kitabı haqqında belə yazırdı: “Komandalarla çalışan hər kəs üçün tövsiyə edərdim ki, bu vəsaiti həmişə əllərinin altında saxlasınlar və mütəmadi olaraq istifadə etsinlər”.