Ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi üzrə peşəkar təlim mütəxəssisləri Stella Kollinz və Bet Körlün “Yazı bacarıqları” kitabı yazılı ünsiyyətlə bağlı çətinlikləri olan hər kəsin “stolüstü kitabı”na çevriləcək.
Yazdıqlarınızın oxunacağına, başa düşüləcəyinə və yerinə yetiriləcəyinə necə əmin ola bilirsiniz?
“Yazı bacarıqları” kitabı müasir iş dünyasında yazılı ünsiyyəti planlaşdırmağın, bu ünsiyyətə hazırlaşmağın və yazdığınız mətni cilalamağın 3 mərhələdən ibarət metodunu irəli sürür.
Planlaşdırma mərhələsində nə üçün və kimin üçün yazdığınızı aydın başa düşməlisiniz. Kitab planlaşdırma prosesi boyunca sizə istiqamət verəcək və öz tərzinizi sınaqdan keçirməyə kömək edəcək.
İkinci mərhələdə, yəni hazırlıq prosesində isə müəlliflərin kitabda təqdim etdiyi səkkiz qızıl qaydadan istifadə edərək aydın, yığcam və inandırıcı mətnlər yazmağın yollarını öyrənəcəksiniz. Bundan əlavə, durğu işarələri ilə bağlı tez-tez verilən suallar da daxil olmaqla, yazdığınız mətni ən effektiv şəkildə təqdim etmək, şəkil, diaqram və cədvəllərdən düzgün istifadə etməklə bağlı məsləhətlərlə də tanış olacaqsınız. Məktub, e-məktub və ya hesabatınızı yazar-yazmaz göndərməyə tələsməyin. Bir az vaxt ayırın və kitabda verilmiş “11 bənddən ibarət yoxlama siyahısı” və “redaktə ilə bağlı vacib məsləhətlər”dən istifadə edərək mətninizi diqqətlə yoxlayın. Bu, sonuncu – cilalama mərhələsidir.
“Yazı bacarıqları” kitabı əminliklə, sürətlə və daha effektiv şəkildə yazmaq üçün əsas bələdçiniz olacaq.