Bankirlər Kral İnstitutunun elmi işçisi və Strateji Planlaşdırma Cəmiyyətinin üzvü Nil-Rassel Consun “Strategiya” kitabı mövzu ilə bağlı bir çox qaranlıq məqamlara aydınlıq gətirəcək.
Strategiya – müəssisənin fəaliyyət göstərəcəyi bazarları, həmçinin onun öz rəqabət üstünlüyünü qazanmaq və qorumaq üçün tələb olunan səriştələri (və onları təkmilləşdirmək üçün gərəkli tədbirlər) müəyyən edir. “Strategiya” kitabı bu mövzunu aydın, konkret və yığcam şəkildə işıqlandırır: strategiyanın əsasları, strategiyanı formalaşdıran və hərəkətə keçirən amillər və başlıca addımlar, o cümlədən bu zaman tələb olunan strateji alətlər izah edilir.
Müəllif strateji planlaşdırma prosesi boyunca oxuculara istiqamət verərək mövzuya mərhələli şəkildə yanaşır: müəssisənin, onun rəqabət mühiti və bazarlardakı mövqeyinin ilkin təhlilindən başlayır, sonra isə müəssiənin təklifləri ilə bağlı ikinci dərəcəli təhlilə keçir. Növbəti mərhələdə planlaşdırmanı və nəhayət, sonda icra, yəni strateji planın həyata keçirilməsi mərhələsini izah edir. Kitabı oxuyanlar həm də strateqlərin istifadə etdiyi “SWOT”, “PEST”, ssenari, əsas səriştə, həlledici uğur amili və s. təhlil alətləri barədə də məlumat əldə edəcəklər. Nil Rassel-Cons çoxsaylı təhlil alətləri arasında daha vacib olanları dəqiq qrafik təsvirlərin köməyilə izah edir.