“İdarəetmə kitabları” seriyasından “Problemli davranış” və “Şikayətlərin idarə edilməsi” kitablarının müəllifi, insan davranışları üzrə müstəqil təlimçi Ancelena Bodenin daha bir kitabı – “Düşünmə qabiliyyəti” oxucuların ixtiyarına verildi.
Təqribi hesablamalara görə, gün ərzində ağlımızdan 50 minə yaxın fikir keçir. Biz onları qəbul edir, onlara şübhə ilə yanaşır və ya meydan oxuyur, ya da özümüzdən uzaqlaşdırırıq. Bəziləri bizi çaşbaş salır, bəziləri mübaliğəyə məruz qalır, bəziləri bizi qıcıqlandırır və təşvişə səbəb olur, bəziləri isə psixoloji sarsıntı yaradır. Düşünmək normal haldır, lakin onu konstruktiv qaydada idarə etmək və istiqamətləndirmək lazımdır. “Düşünmə qabiliyyəti” kitabı düşünmənin bir sıra fərqli formalarını araşdırır: pozitiv, narazı, yaradıcı, gizli, məntiqli, nəticəyönümlü, qeyri-standart, intuitiv və möcüzəvi, nəhayət, həddən artıq düşünmək və ya heç düşünməmək. Zehni çevikliyinizi artırmağa kömək etmək üçün çalışmalar və nümunələrə də yer verilmişdir.